MƏDƏNİYYƏT


Sloveniyada “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” mövzusunda tədbir keçirilib

A+ A

Nova Qoritsa, 30 avqust, AZƏRTAC

Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyanadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə Sloveniyanın Nova Qoritsa şəhərində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” mövzusunda tədbir keçirilib.

Nümayəndəlikdən bildiriblər ki, tədbirdə Sloveniya parlamentinin sədri Milan Brqlez, Nova-Qoritsa şəhərinin meri Matery Arçon, Sloveniya parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirə qatılanlar əvvəlcə İkinci Dünya müharibəsi zamanı Sloveniyanın alman faşizmindən azad olunmasında şücaət göstərərək qəhrəmancasına həlak olmuş Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açaraq, son illər Prezident İlham Əliyevin Sloveniyaya, Sloveniya prezidentinin isə Azərbaycana rəsmi səfərlərindən sonra qarşılıqlı iqtisadi, siyasi, elmi və mədəni münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdıran diplomat son illər ölkəmizdə aparılan sosial–iqtisadi islahatlar nəticəsində Gəncə şəhərinin müasirləşdiyini, Qərblə Şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq mərkəzinə çevrildiyini söyləyib. Gəncə şəhərinin 2016-cı ildə Avropanın gənclər paytaxtı elan olunduğunu bildirən A.Xudiyev bu il dünyanın bir çox ölkələrindən minlərlə turistin bu qədim diyara səfər etdiyini bildirib. O, həmçinin ötən il Gəcə şəhərində olan sloveniyalı fotojurnalist Maya Modrinyakın hazırladığı fotoreportajların böyük maraq doğurduğunu qeyd edib.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə açılan “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” mövzusuna həsr olunmuş fotosərgiyə baxış olub və sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Sloveniyanın dövlət və hökumət rəsmiləri Azərbaycan ilə Sloveniya arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışıblar. Bu il Gəncə şəhərinin Avropanın gənclər şəhəri elan olunması ölkəmizin regional inkişafının əyani göstəricisi kimi xarakterizə edilib.

Tədbir Sloveniyanın aparıcı televiziya və KİV-də geniş işıqlandırılıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Nova Qoritsa

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.