DÜNYA
Smartfonlar üçün ilk “5G” modem nümayiş etdirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
“Qualcomm” mikroelektronika istehsalçısı gələcəyin smartfonlarını “5G” şəbəkəsində saniyədə 5 giqabit sürətə malik rabitə ilə təmin etməyə imkan verən “Snapdragon X50” çipini təqdim edib. Şirkətin iddiasına görə, bu çip dünyada smartfonlar üçün ilk “5G” modemdir.
Hazırda dünyada işlək olan “LTE” (“4G”) şəbəkələrinin əksəriyyəti məlumatların saniyədə 50 Mbit-dək, “LTE Advanced” şəbəkələri isə 600 Mbit-dək ötürülməsini təmin edir. Ancaq “LTE” internetin dünya üzrə orta sürəti təqribən 14 Mbit/s təşkil edir.
AZƏRTAC “vesti.ru” saytına istinadən xəbər verir ki, cari ildə telekommunikasiya bazarının liderləri sərgidə “5G” şəbəkəsində məlumatların saniyədə 25 giqabit sürətlə ötürülməsini təmin edən həll nümayiş etdiriblər. Ancaq hələ ki belə modem smartfonun form-faktoruna və ya hətta noutbuka yerləşmir.
Operator tərəfindən belə sürətin tam dəstəklənməsi şərti ilə smartfonun əməliyyat sistemi, məsələn, “bulud” saxlancındakı məlumatlara daxili daşıyıcıda yerləşən məlumatlardan daha sürətli müraciət edə biləcək.