QAN YADDAŞI
Sofiya Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Sofiya, 21 yanvar, AZƏRTAC
Yanvarın 20-də Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə bu universitetdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Sofiya Universitetinin rəhbərliyi, müəllimləri, KİV nümayəndələri, o cümlədən ölkəmizdə müxtəlif illərdə təhsil almış Bolqarıstan vətəndaşları, bu ölkədə oxuyan azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müvəqqəti işlər vəkili Mahir Cəfərov çıxışında bildirib ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Onlarla mülki şəxs amansızcasına öldürüldü, yüzlərlə insan yaralandı.
M.Cəfərov diqqətə çatdırıb ki, 20 Yanvar xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Diplomat faciəyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
Tədbirdə, həmçinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Bolqarıstanın Bəstəkarlar İttifaqının üzvü, məşhur dirijor Kiril Lambov, ölkəmizdə 1950-1970-ci illərdə təhsil almış professorlar G.Georgiyev və Ç.Hakov çıxış ediblər.
K.Lambov Bakıda olarkən Şəhidlər xiyabanını ziyarət etdiyini söyləyib, bu əzəmətli kompleksin onda yaratdığı təəssüratdan uzun müddət ayrıla bilmədiyini qeyd edib. Baş vermiş faciənin miqyasını və amansızlığını əyani şəkildə hiss etdiyini deyən K.Lambov bu faciənin dünya ictimaiyyəti tərəfindən yetərincə qiymətləndirilmədiyini vurğulayıb.
Bakıda təhsil alan G.Georgiyev və Ç.Hakov ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb, Azərbaycan xalqının tolerantlığından, qonaqpərvərliyindən söz açıblar. Onlar qanlı 20 Yanvar faciəsinin tarixdə misli görünməmiş bir hadisə olduğunu söyləyiblər.
Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin rəhbəri xanım S.Şıgayeva və Bolqarıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri çıxışlarında Vətəndən uzaqda yaşadıqlarına baxmayaraq, bu qanlı faciəni böyük kədər hissi ilə xatırladıqlarını qeyd ediblər.
Sonda Lider Televiziya tərəfindən hazırlanmış “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya