SİYASƏT
Sofiya Universitetinin tələbələri Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb
Sofiya, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dilini öyrənən tələbə və müəllim heyəti qarşısında “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” mövzusunda mühazirə oxuyub. Tədbir Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Səfir 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdiyini bildirib. O, 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının 25 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən bəhs edib. Müstəqillik yollarında ölkəmizin bir çox daxili və xarici təhdidlərlə üzləşdiyini vurğulayan diplomat bu təhdidlər sırasında dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətini qeyd edib. N.Qurbanova yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və vətəndaş müharibəsinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın dövlət quruculuğunun bünövrəsini təşkil etdiyini, dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynadığını söyləyib. Diplomat ictimai-siyasi sabitliyin bərqərar olması və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdığını əlavə edib. O, neft strategiyası ilə yanaşı, ölkədə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması, ticarətin liberallaşdırılması və əhalinin sosial müdafiəsinin təmin olunması məqsədilə mühüm layihələrdən danışıb. Qeyd edib ki, müstəqil Azərbaycan enerji sektorunun inkişafı sahəsində mühüm irəliləyişlərə nail olub, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri və digər irimiqyaslı strateji enerji layihələrini həyata keçirib. Azərbaycan enerji ehtiyatlarımızı dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynamağa başlayıb.
N.Qurbanova Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini vurğulayaraq, regionun ümumi daxili məhsulunun 80 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib. O bildirib ki, regionda mühüm çoxtərəfli əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün Azərbaycanın iştirakı ən başlıca şərtdir.
Səfir cari il sentyabrın 29-30-da Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum barədə məlumat verərək tədbirdə Bolqarıstanı vitse-prezident Marqarita Popovanın rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil etdiyini xatırladıb. Ötən il martın 3-5-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə münasibətlərin yeni – strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin sürətlə inkişafından danışıb. O, iqtisadi sahədə əməkdaşlığın bariz nümunəsi kimi, cari il sentyabrın 29-30-da Bakıda Azərbaycan-Bolqarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclasının uğurla keçdiyini söyləyib. Səfir son 8 ildə ilk dəfə təşkil olunan iclasda qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirə olunduğunu bildirib.
Mədəniyyət sahəsində də əlaqələrin ürəkaçan olduğunu söyləyən səfir Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasının Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirildiyini, Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın Qoruğun rəsmi açılış mərasimində iştirak etdiyini diqqətə çatdırıb. Səfir, həmçinin növbəti il ölkələrimiz arasında əhəmiyyətli hadisənin - Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünün qeyd olunacağını bildirib.
Sonra N.Qurbanova sualları cavablandırıb.
Azərbaycanda səfərdə olmuş bolqar tələbələr ölkəmiz barədə xoş təəssüratlarını bölüşüblər.
Sonda səfirlik tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə Azərbaycan dili və ədəbiyyatı dərslikləri, “Baku”, “Yol” və “İrs” jurnalları hədiyyə edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya