SİYASƏT
Sofiyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı keçirilir
Bakı, 9 oktyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” mövzusunda konfrans işə başlayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin himayəsi ilə keçirilən konfransda Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə olunur. Tədbirdə miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Avropa İttifaqı ölkələrinin rəhbərləri – Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edirlər.
Konfransı açan Prezident Rosen Plevneliyev Avropanın İkinci Dünya müharibəsindən bəri çox dərin siyasi, iqtisadi və humanitar böhran yaşadığını xatırladıb. O deyib: “Çox çətin dövrdə yaşayırıq, böhran səviyyəsi rekord həddə çatıb. Dövlətlərin süqutu, dondurulmuş münaqişələr, müharibə, terror Avropanın təhlükəsizliyini təhdid altına alır. Bu təhlükəni hiss edən insanlar siyasətçilərdən böhranın həllinə yönəlmiş konkret fəaliyyət gözləyir”.
Rosen Plevneliyev milyonlarla insanın münaqişə bölgəsini tərk etməyə məcbur qaldığını, yüz minlərlə qaçqının Avropaya pənah gətirdiyini və yaşamaq uğrunda mübarizə apardığını qeyd edib. Prezident yaranmış vəziyyətin qlobal miqyasda həlledici fəaliyyət tələb etdiyini vurğulayıb.
Makedoniya Prezidenti George İvanov isə Yaxın Şərqdən qaçqınların axını ilə əlaqədar ölkəsinin çox ciddi humanitar fəlakətlə üz-üzə olduğunu bildirib. “Bu gün minlərlə qaçqın Makedoniyadan Avropaya daxil olmağa cəhd göstərir. Amma Avropa ölkələri bu qaçqınları qəbul etməkdə maraqlı olmadığından Makedoniya problemin ağırlığını tək daşımalı olur. Biz yaranmış vəziyyətdən çıxış yolu tapılmasında Avropadan daha çox yardım gözləyirik”, - deyə dövlət başçısı əlavə edib.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov da çıxış edərək konfransın təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar Mərkəzin indiyədək gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayaraq bildiriblər ki, hazırkı çətin geosiyasi vəziyyətdə bu qurumun gördüyü işlər çox vacibdir.
Daha sonra konfrans panel iclaslarla işini davam etdirib. Panel müzakirələrdə Polşanın sabiq Prezidenti Bronislav Komorovski, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Moldovanın keçmiş Prezidenti Pyotr Luçinski, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviç iştirak ediblər. Onlar Yaxın Şərqdəki qaçqın böhranı ilə əlaqədar Avropada yaranmış hüquqi, humanitar problemlərin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həll yolları barədə geniş fikir mübadiləsi aparıb, təkliflər irəli sürüblər.
Konfrans bu gün işini yekunlaşdıracaq.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Mərkəzin Qəyyumlar Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.