MƏDƏNİYYƏT
Sofiyada keçirilən festivalda Azərbaycan xalçaları da nümayiş etdirilib
Sofiya, 20 sentyabr, AZƏRTAC
Sofiya Şəhər İcra Hakimiyyəti və “Trakiyalıların Yolu” Fondu tərəfindən Sofiyada “Xalçaların yolu” adlı festival keçirilib. Tədbirdə Bolqarıstanın Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutu və Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov, Bolqarıstanın müxtəlif dövlət qurumlarının, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin, KİV və QHT-lərin nümayəndələri iştirak ediblər.
Festivalda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs K.Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi iştirak edərək Bakı və Quba xalçaçılıq məktəblərinin nümunələrini nümayiş etdirib. Tədbirdə çıxış edən Petko Xristov festivalın tamaşaçılar tərəfindən maraqla qarşılandığını qeyd edib. O, bu kimi tədbirlərin xalqların bir-birlərinin mədəniyyətini tanıması baxımından əhəmiyyətli olduğunu söyləyib.
Festivalın təşkilatçılarından olan “Trakiyalıların Yolu” Fondunun sədri Diana Kasmetska bu kimi tədbirlərin müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirdiyini, mədəni mübadilə üçün şərait yaratdığını deyib. O, festivalda Azərbaycan, İran, Macarıstan, Serbiya, Meksika, Bolqarıstan xalçalarının nümayiş olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı Vüsalə Sadıqova Azərbaycanda qədim xalçaçılıq ənənələrinin mövcud olduğunu, coğrafi mövqeyi, dizaynı, kompozisiyası və rəng seçiminə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin olduğunu söyləyib. O, əsrlər boyu xalçaçılıq sənətinin Azərbaycan mədəniyyətinin və təsviri incəsənətinin əhəmiyyətli elementi olduğunu qeyd edib. Azərbaycanın xalçaçılıq sənətinin dünya mədəniyyətini zənginləşdirdiyi, Azərbaycan xalçalarının keyfiyyətinə və yüksək bədii dəyərinə görə dünyada məşhur olduğu, bir çox xalçaların dünyanın tanınmış muzeylərində sərgiləndiyi diqqətə çatdırılıb. Diplomat 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini vurğulayıb. O, dünyada ilk ixtisaslaşmış xalça muzeyinin 1967-ci ildə Azərbaycanda yaradıldığını, 2014-cü ildən muzeyin yeni müasir - bükülmüş xalça formasında binasının olduğunu qeyd edib.
Səfirliyin əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevin fikrini xatırladaraq qeyd edib ki, xalçalar Azərbaycanın milli incəsənətidir. Azərbaycanı xalçalarsız və xalçaları Azərbaycansız təsəvvür etmək mümkün deyil.
Sonra tədbir iştirakçıları Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri ilə tanış olublar. Azərbaycan xalçaları iştirakçılarda böyük maraq doğurub.
Festivalda Bolqarıstan milli musiqisindən ibarət konsert təşkil olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya