ELM VƏ TƏHSİL
Şoloxovşünasların beynəlxalq elmi konfransında Azərbaycan da təmsil olunub
Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təmsil edib.
Nizami adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, üç gün davam edən konfransda Rusiya, Azərbaycan, Polşa, Belarus, İndoneziya və İran alimlərinin 28 məruzəsi dinlənilib.
Akademik İsa Həbibbəylinin beynəlxalq konfransın plenar iclasındakı “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzəsi də böyük maraq doğurub.
Məruzədə böyük rus yazıçısı Mixail Şoloxovun yaradıcılığındakı epoxanı bədii cəhətdən ümumiləşdirmək istedadı, “kiçik adamı” epopeya səviyyəsində təqdim edə bilmək qabiliyyəti elmi əsaslarla izah olunub. Bu baxımdan “kiçik adama” münasibətdə böyük rus yazıçısı Mixail Şoloxovun əsərləri ilə görkəmli Azərbaycan ədibi Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığı əsasında aparılmış təhlillər və müqayisələr xalqların və ədəbiyyatların tipoloji ortaq baxışlarının təqdim edilməsi baxımından ciddi marağa səbəb olub.
Eyni zamanda, məruzədə Mixail Şoloxovun əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində əməyi olan Azərbaycan ziyalılarının da fəaliyyəti nəzərə çarpdırılıb.
Səfər zamanı böyük rus yazıçısı Mixail Şoloxovun ev muzeyi, Don çayı sahilindəki xatirə kompleksi ziyarət olunub. XX əsr ərzində “Sakit Don” epopeyası əsasında çəkilməkdə olan üçüncü bədii filmin yaradıcı heyəti ilə görüş keçirilib.
Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Samir Səttarovun “Azərbaycanın ali və orta məktəblərində Mixail Şoloxovun öyrənilməsi məsələləri” mövzusundakı məruzəsi də maraqla qarşılanıb.
Azərbaycan nümayəndə heyəti adından Mixail Şoloxovun ev muzeyinə xatirə hədiyyələri təqdim olunub.