CƏMİYYƏT


Son 15 ildə meşə fondu ərazilərində 101,5 milyon ağac əkilib

Bakı, 13 iyul, AZƏRTAC

Son 15 il ərzində meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib. Son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

H.Bağırov bildirib ki, nazirliyin nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb. Burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Həmin bağlardan ötən il ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq cari ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir.

“Bundan əlavə, 2017-2021-ci illər ərzində əlavə olaraq, 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq.

Zeytun tinglərinə olan tələbatı daxili imkanlar hesabına ödəmək üçün “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində vaxtilə İtaliya və Türkiyədən gətirilmiş elit sortlar hesabına, çilikləmə və toxumla yetişdirmə yolu ilə 2 milyon 250 min zeytun tinginin yetişdirilməsi nəzərdə tutulur. Bunun da 800 mini artıq 2016-cı ildə təmin edilib, bu ilin yazında əlavə olaraq 450 min çilik kökləndirilib və payızda artıq 300 min zeytun materialı əkinə yönəldiləcək”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.