REGİONLAR
Son 20 ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 30 dəfə artıb
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Muxtar respublikada cari ilin yanvar-iyul aylarında ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 30 dəfə artaraq 1 milyard 294 milyon 428 min manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 22 dəfə artaraq 2936 manata çatıb.
Bu dövr ərzində sənaye məhsulunun həcmi 62 dəfə, əsas kapitala yönəldilən investisiyalar 183 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 5 dəfə, nəqliyyat sektorunda yük daşınması 13 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 66 dəfə, ixracın həcmi 110 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 25 dəfə artıb.
Naxçıvan Muxtar Respublikasında əmək bazarının tənzimlənməsində və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində bu dövr ərzində görülən mühüm tədbirlər, o cümlədən 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası əsas rol oynayıb. Belə ki, 1996-cı ildən 2015-ci il iyulun 1-dək muxtar respublikada 84 min 783 yeni iş yeri açılıb ki, bunun da 58 min 42-si və ya 68,5 faizi daimi iş yerləridir.
Yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təmin edilməsi, sahibkarlığın inkişafı muxtar respublikada əhali gəlirlərinin artımına da zəmin yaradıb. 1995-ci ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 15,9 manat təşkil edirdisə, hazırda bu göstərici 393 manat səviyyəsindədir. 2015-ci ilin yanvar-iyul aylarında əhali gəlirlərinin həcmi 1995-ci ildəki müvafiq göstəricini 31 dəfə üstələyərək 977 milyon 244 min manata, hər bir nəfərə düşən gəlirlər isə 24 dəfə artaraq 2 min 217 manata çatıb.
Əhali gəlirlərinin artımı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi yoxsulluq səviyyəsinin ilbəil əhəmiyyətli dərəcədə aşağı düşməsinə, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin həcminin artmasına müsbət şərait yaradıb. 2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 703 milyon 520 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. 1995-ci illə müqayisədə əmtəə satışının və pullu xidmətlərin həcmi 17,4 dəfə, o cümlədən pərakəndə əmtəə dövriyyəsi 16,7 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 25 dəfə artaraq 94 milyon 927 min manat təşkil edib.