CƏMİYYƏT


Son altı ayda “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 27,8 faiz artıb

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, e-xidmətdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artaraq 16 min 40-a, son 6 ayda isə 27,8 faiz artaraq 89 min 41-ə çatıb.

2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabrında “İş yerinə dair arayış” e-xidmətinin yaradılmasına imkan verib. Respublikada kağız arayışların e-arayışlarla əvəzlənməsinin sürətlənməsinə səbəb olan bu e-xidmət vətəndaşların günün istənilən vaxtında aidiyyəti təşkilata onlayn formada, rahat şəkildə arayış təqdim edə bilmələrinə şərait yaradıb. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 24.4 bəndinə əsasən, bu e-arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdir. Vətəndaşlar bu arayışları çap edərək kağız formasında da təqdim edə bilərlər.

“İş yerinə dair arayış” e-xidməti vasitəsilə həmin arayışların alınması və verilməsi üçün vaxt itkisinin, bu prosesdə baş verə biləcək bürokratik proseslərin, neqativ halların aradan qaldırılması təmin edilib. E-arayışların təqdim edildiyi təşkilatlar isə həmin sənədlərdəki QR-koddan istifadə edərək məlumatların düzgünlüyünü yoxlamaq, habelə əlavə olaraq vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı informasiyalar əldə edə bilərlər.

Artıq bir il yarımdan çoxdur ki, əhalinin istifadəsində olan “İş yerinə dair arayış” e-xidmətindən vətəndaşlar bu il iyulun 1-dək 314 min 227 dəfə faydalanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.