CƏMİYYƏT


Son bir ildə cəzaçəkmədən azad edilmiş 8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib

Bakı, 31 yanvar, AZƏRTAC 

Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin olunur. Ötən ildə nazirlik tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 8 170 nəfər olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onların hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əməkhaqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Bununla əlaqədar penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün birdəfəlik pul müavinətinin məbləği də 10,47 faiz artırılaraq cari ilin əvvəlindən 464 manata (116 x 4 = 464) çatdırılıb.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması yönündə aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, habelə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 136 nəfər şəxs münasib işlərlə təmin olunub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri tamamlanmaq üzrədir. Yeni mərkəz qeyd olunan şəxslərin sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması, ümumən hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.