CƏMİYYƏT
Son günlərdə baş verən zəlzələlər təhlükəli deyil
Bakı, 25 fevral, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycan seysmik zonada yerləşir və buna görə seysmik baxımdan fəal region hesab edilir. Son günlərdə ölkəmizin rayonlarında və Xəzər dənizində baş verən zəlzələlər təhlükəli deyil.
Hər il respublika ərazisində təqribən 8.000 zəlzələ baş verir. Lakin onların əksəriyyəti hiss edilməyəcək dərəcədə cüzi olur. Zəif yeraltı təkanların hiss edildiyi ərazilər yüksək dəqiqlikli seysmometrlər vasitəsilə qeydə alınır. Biz bütün belə halları monitorlarda müşahidə edirik. Bu cür ərazilərdə təkanlar fəallaşır, bir neçə gün ərzində ayrı-ayrı zəif təkanlar müşahidə olunur. Lakin bu, təkanların fəallaşmasına dəlalət etmir. Bununla belə, sonradan seysmik cəhətdən fəal olan başqa zonada eyni proses yarana bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Mərkəzin rəhbəri qeyd edib ki, planetimizdə orta hesabla iki həftədə bir dəfə geniş dağıntılara səbəb ola biləcək həqiqətən güclü zəlzələlər baş verir.
Q.Yetirmişli sonda deyib: “Belə zəlzələlərin əksəriyyəti okeanların dibində baş verir və buna görə fəlakətli nəticələr doğurmur (əlbəttə, sunami halları müstəsna olmaqla). Zəlzələyə səbəb müvafiq mənbədə gərgin süxurların elastik deformasiyasının relaksasiyası (boşalma) anında litosfer sahəsinin (litosfer plitələrinin) sürətli yerdəyişməsidir. Zəlzələ ocaqlarının əksəriyyəti Yerin səthinə yaxın məkanda yaranır”.