CƏMİYYƏT
Son iki ildə Azərbaycanda malyariyaya yerli yoluxma halları müşahidə olunmayıb
Bakı, 19 dekabr, E. Hüseynov, AZƏRTAC
Ölkəmizdə 2013-2014-cü illərdə malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov məlumat verib. Onun sözlərinə görə, yalnız keçən il Afrika qitəsindən olan 4 nəfərdə, bu il isə 2 nəfər əcnəbidə Azərbaycana xas olmayan tropik malyariya xəstəliyi aşkar edilib.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının builki hesabatına əsasən, malyariyadan ölənlərin sayı son 13 il ərzində əhəmiyyətli dərəcədə azalıb və bu proses davam etməkdədir. Bu xəstəlikdən ölüm halları 2000-2013-cü illərdə dünyada 47 faiz, Afrika ölkələrində isə 54 faiz azalıb.
Hesabatda bildirilir ki, 2013-cü ildə iki ölkə - Azərbaycan və Şri Lanka ilk dəfə olaraq bu xəstəlikdən yerli yoluxma hallarının aşkar edilmədiyi barədə məlumat veriblər.