İQTİSADİYYAT
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 871 yeni təsərrüfat subyekti yaradılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 871 yeni təsərrüfat subyekti yaradılıb. Bu isə təxminən 3 milyon əhalinin işlə məşğuliyyəti deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 26-da “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Bakıda keçirilən Ümumrespublika elmi-praktik konfransında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev deyib.
R.Balayev 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasından ötən 20 il ərzində kənd təsərrüfatında əldə edilmiş nailiyyətlər, bu sahədə görülmüş və görüləcək işlər haqqında məlumat verib. O vurğulayıb ki, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil edib.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin təşəbbüsü ilə Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması aqrar islahatının istiqamətlərini, forma və mərhələlərini düzgün müəyyənləşdirməyə imkan verib. Qısa bir müddətdə aqrar islahatların hüquqi bazasının yaradılması və onların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin hazırlanıb ki, bunun nəticəsində aparılan proseslərin dönməzliyinə münbit şərait yaradılıb.
R.Balayev bildirib ki, Azərbaycanda aqrar sahədə aparılan məqsədyönlü hüquqi və iqtisadi islahatlar respublikamızın ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayıb. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxşaxəli tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri sayılır.
Qeyd olunub ki, aqrar sahədə problemlərə kompleks, məqsədyönlü yanaşma istiqamətində atılan addımların nəticəsi olaraq, Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, onun regional bölmələri, habelə tabeliyindəki elmi-tədqiqat institutları yenidən qurulub və müasir laboratoriya avadanlığı ilə təchiz olunub.
Tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev və digərlərinin torpaq münasibətlərinin inkişafına dair aktual mövzularla bağlı məruzələri dinlənilib.
Elmi-praktik konfrans Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Konfrans iki gün davam edəcək.