REGİONLAR
Son illər ölkə ərazisində 957 subartezian quyusu qazılıb
Qax, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına son üç-dörd ildə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün ölkə ərazisində 957, o cümlədən Qax rayonunda 39 subartezian və artezian quyusu qazılıb. Azərbaycan Prezidentinin iyunun 5-də imzaladığı növbəti Sərəncama uyğun olaraq, bu il ölkədə daha 150 subartezian quyusu qazılacaq.
AZƏRTAC xəbər verir ki, bu faktları “Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini Rafiq Aslanov Qaxda jurnalistlərə müsahibəsində səsləndirib.
Cəmiyyətin rəsmisi bildirib ki, əkin sahələrinin ildən-ilə genişləndirilməsi nəticəsində son illər suvarma suyuna tələbat da xeyli artıb. Son üç ildə respublikada pambıq əkini sahələri 18 min hektardan artırılaraq 136 min hektara çatdırılıb.
Rafiq Aslanovun bildirdiyinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının 92 faizi suvarılan torpaqlarda yetişdirilir. Hazırda ölkə ərazisində 1 milyon 386 min hektar torpaq sahəsində suvarma işləri həyata keçirilir. O cümlədən, Qax rayonunda suvarılan torpaqların ümumi sahəsi 19 min 700 hektar təşkil edir.
Qax rayonu ərazisindən axan dağ çaylarının hamısının sel gətirici çaylar olduğunu vurğulayan cəmiyyətin sədr müavini yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq üçün son on il ərzində rayon ərazisində 17 kilometr uzunluğunda beton bəndlərin inşa edildiyini diqqətə çatdırıb. “Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sellərin yaratdığı fəsadlar minimuma endirilib, sel-suların maneəsiz axıdılması təmin edilib, yaşayış məntəqələri və əkin sahələri seldən etibarlı mühafizə olunub”, - deyə Rafiq Aslanov bildirib.