İQTİSADİYYAT
Son illərdə Azərbaycanda sənayeləşmə prosesi daha da sürətlənib
Bakı, 27 dekabr, AZƏRTAC
Son illərdə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sənayeləşmə prosesi daha da sürətlənib. Düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da mövcud sənaye potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaradıb. Nəticədə son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb.
Bunlar Prezident İlham Əliyevin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında əks olunub.
Sənəddə qeyd edilib ki, 2013-cü ildə sənayedə 33,7 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub, ümumi istehsalın 74 faizi mədənçıxarma, 20,1 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinin payına düşüb. Ötən dövr ərzində sənaye müəssisələrində istər əsas fondların, istərsə də əsas kapitala qoyulmuş investisiyaların həcmində dinamik artım müşahidə olunub. Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiya 2003-cü illə müqayisədə 2013-cü ildə 2,2 dəfə artaraq 7 milyard manatı keçib.