CƏMİYYƏT
Son illərdə ölkəmizdə uşaq ölümü göstəricisi 3 dəfəyədək azalıb VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
Son 10 ildə uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramları qəbul edilərək reallaşdırılıb. Hazırda 2014-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında” Dövlət Proqramı icra olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 31-də Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqlar arasında geniş yayılmış xəstəliklərlə mübarizə sahəsində görülən işlərə həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Tədbirdə çıxış edən institutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bildirib ki, Azərbaycanda uşaq ölümü göstəricisi 1993-cü illə müqayisə 3 dəfə azalıb. Əgər 1993-cü ildə hər 1000 nəfər diridoğulana ölüm göstəricisi 28,2 promilli təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilliyə, 2014-cü ildə isə 10,2 promilliyə qədər azalıb. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlərin də əsas məqsədi ölkəmizdə bu rəqəmlərin daha da azaldılmasıdır. Uşaqların icbari dispanserizasiyası bu rəqəmlərin daha da azalmasına səbəb olacaq.
Tədbirdə, həmçinin “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən də söhbət açılıb. N.Quliyev qeyd edib ki, 2012-ci ilin sonlarında “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və qısa müddətdə bu qanun qəbul edilib. Bu addımın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır.
Baş pediatr diqqətə çatdırıb ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar ki, bu da dünyanın inkişaf etmiş ölkələri səviyyəsindədir. Qızılca və məxmərək xəstəliklərinin ləğv edilməsinə görə Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer alıb. Dünyanın ən inkişaf etmiş ölkələrində 13 xəstəliyə qarşı peyvənd aparılır. “Biz də meningit və suçiçəyinə qarşı peyvəndi tətbiq etsək, onların sırasına qatıla bilərik. Hazırda respublikada suçiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür və yaxın illərdə bu peyvəndin də tətbiqi gözlənilir. “Ana və uşaqların sağlamlığının qorunması dövlətin və səhiyyəsinin əsas prioritet istiqamətidir. Bu strategiyanın əsası müstəqilliyimizin ilk illərindən etibarən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda uğurla davam etdirilir. Müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin kəskin çatmazlığı hökm sürürdü və uşaqlar cəmi beş yoluxucu xəstəliyə qarşı peyvənd olunurdu. Hələ o zaman ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü və böyük dəstəyi ilə MDB ölkələri arasında birinci olaraq Avropadan alınan kredit hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman preparatları və tibbi ləvazimat gətirilməklə bu problemlərin həllinə başlanılıb”, - deyə N.Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini iki dəfə qabaqlayır.
Mətbuat konfransında uşaqların icbari tibbi müayinələrə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb.