CƏMİYYƏT
Son on ildə ölkəmizdə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanda son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir bildirib ki, hazırda meşə sahəsi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artırılıb. Son 10 il ərzində 100 min hektardan artıq sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 10 milyonlarla ağac əkilib. Yaşıllıqların artırılması sahəsində son 8 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib, 3776 hektardan artıq ərazidə 5 milyona yaxın ağac əkilərək müasir damcılı suvarma sistemləri ilə təmin olunub.
Nazir müxtəlif bölgələrdə 1850 hektar sahədə 1265 mindən artıq məhsuldar və davamlı zeytun tinglərinin əkildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılıb. Son vaxtlar əkilmiş zeytun ağaclarının hesabına bağların sahəsi 3 dəfədən çox artıb. Ekoloji məsələləri, o cümlədən yaşıllaşdırma tədbirlərini gündəlik diqqətdə saxlayan Prezident İlham Əliyev bu il də ənənəvi olaraq ulu öndər Heydər Əliyevin doğum günündə ağacəkmə kampaniyasında iştirak edib. Ərazisi 12 hektar olan yaşıllıq sahəsində ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limon sərvi, leylandi ağacları əkilib.
Nazir onu da bildirib ki, həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilib. Qısa zaman ərzində Qafqazda ən böyük Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulub, Şirvan və Hirkan milli parklarında ekoturizm şəhərcikləri yaradılıb.