CƏMİYYƏT


Son üç gündə 195 nəfər əlilliyi olan şəxs ölkəmizin  səfalı guşələrinə istirahətə yola salınıb

Bakı, 21 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son üç gündə 195 nəfər əlilliyi olan şəxs ölkəmizin səfalı guşələrinə istirahətə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən 65 nəfər Lənkəran, 80 nəfər Xaçmaz və 50 nəfər Quba rayonundakı istirahət mərkəzlərində dincələcəklər. “Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına şərait yaradılması ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir istiqaməti də əlilliyi olan şəxslərə yaz-yay mövsümündə mənalı istirahət etmək üçün şəraitin yaradılmasına yönəlib”, deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı bildirib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən ümumilikdə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Cari ilin yaz-yay mövsümü başlanandan bəri onlardan artıq 755 nəfərin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Qalan şəxslər də mövsümün sonuna qədər istirahət mərkəzlərinə yola salınacaqlar. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb gətirilməsi də xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə istirahət mərkəzlərində dincəlmələri üçün görülən işlərdən, ümumən sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğı göstərilməsindən razı qaldıqlarını qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.