REGİONLAR
Son üç ildə baş verən yanğınlar 70 hektara yaxın meşə sahəsinə ziyan vurub VİDEO
Xaçmaz, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Son üç ildə ölkə ərazisindəki meşə zolaqlarında 20-yə yaxın yanğın hadisəsi qeydə alınıb. Bu hadisələr zamanı 70 hektaradək meşə sahəsinə ziyan dəyib. Meşə zolaqlarında yanğın faktlarına daha çox ölkəmizin cənub zonasında rast gəlinib.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 3-də Xaçmazda “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən seminar-müşavirədə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl müşavirə iştirakçıları Ümummilli Liderin abidəsinin qarşısına tər gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Nazirliyin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin direktoru Sarvan Rəsulov çıxış edərək bildirib ki, seminar-müşavirənin məqsədi meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndəliklərinin və bələdiyyə əməkdaşlarının, digər aidiyyəti qurumların nazirliyin müvafiq qurumları və 5 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə yaxından əməkdaşlığını təmin etməkdir. Qeyd olunub ki, ölkəmizdə 1 milyon 213 min hektar meşə fondu var ki, bunun da 1 milyon 133 min hektarı meşəliklərlə örtülüdür. Ən çox meşə sahəsi respublikamızın şimal regionunun payına düşür. Belə ki, bu regiondakı meşəliklər ümumi fondun 45 faizini təşkil edir.
Seminar-müşavirədə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov, 5 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rafiq Ədilov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin əməkdaşı Nizami Fərəcov, Samur-Yalama Milli Parkının direktoru Budaq Əliyev, Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Adil Məcidov və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilib.
Çıxışlarda meşələrin yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi üçün bütün zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Xaçmazdan öncə eyni mövzuda seminar-müşavirələr Cəlilabad, Şəmkir və Şəkidə də təşkil olunub. Növbəti tədbirin avqustun 10-da Aran regionunda keçirilməsi nəzərdə tutulub.