CƏMİYYƏT
Son zəng, son döyüş, son təbəssüm
AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin doğmaları, dostları, döyüşçü yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, kitab ömrünü hərb işinə həsr etmiş, Vətənə məhəbbətini, sədaqətini əvəzsiz xidmətləri ilə təsdiqləmiş və Vətən yolunda şəhid olmuş İlqar Verdiyevin qəhrəmanlığından bəhs edir.
Qeyd olunub ki, İlqar Verdiyev Vətən sevgisini hərbi işə həsr etdiyi ömrü ilə bildirdi. Goranboy rayonunda “N” saylı hərbi hissədə, düşmənlə üz-üzə, döyüş bölgəsində istehkamçı-komandir vəzifəsini icra edən İlqar Verdiyev xidməti dövründə dəfələrlə düşmənin basdırdığı minaları zərərsizləşdirib. Vətənə sadiqliyi kimi, əsgərlərinə, hərbçi dostlarına sədaqətli və etibarlı olan İlqar Verdiyev hamının rəğbətini qazanmışdı. Sənətinə vurğunluq, Vətəninə bağlılıq bir vətəndaş kimi onu hamının gözündə uca etmişdi. Məhz bu amallar onu şəhidlik zirvəsinə çatdırıb. Minaya düşən hərbçi yoldaşını xilas edən zaman İlqar Verdiyevin özü minaya düşüb. Əsgərlərini və zabit yoldaşını ölümdən xilas edib, özü isə şəhid olub.
Mərasimdə nəşrin müəllifi Nəcibə İlkin kitabın hazırlanmasından danışıb. Qeyd olunub ki, kitabda İlqar Verdiyevin yaxınlarının, qohumlarının, şairlərin, yazıçıların və jurnalistlərin şəhidlə bağlı yazdıqları məqalələr, xatirələr yer alıb.
Nəşrin İlqar Verdiyevi sevənlərin masaüstü kitabı olacağına inam ifadə edilib.
Şəhidin anası Rəna Verdiyeva və digər çıxış edənlər igid hərbçinin qəhrəmanlıqla dolu həyat yolundan, onunla bağlı xatirələrindən, Müdafiə Nazirliyinin mətbuat xidmətindəki fəaliyyətindən danışıblar.
Bildirilib ki, İlqar Verdiyev Vətəninə, millətinə bağlı, savadlı zabitlərdən olub. Kitabda yazılanlar onun haqqında geniş təsəvvür yaradır. Bu kitabın şəhidlik salnaməmizdə öz yeri olacaq.
Şəhidin atası Tapdıq Verdiyev oğlunun hələ uşaq yaşlarından hərbçi olmağı arzuladığını, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunduğunu, sonra isə təhsilini Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbində davam etdirdiyini bildirib.
Tapdıq Verdiyev oğlunu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, İlqarın arzularından biri torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək idi. Ümid edirəm ki, tezliklə şəhid övladımın bu arzusu reallaşacaq və üçrəngli bayrağımız işğal altındakı ərazilərimizdə dalğalanacaq.
Şəhidin valideynləri kitabın ərsəyə gəlməsində xidmətləri olanlara təşəkkür ediblər.
Sonda şəhid zabitin cəbhə bölgəsində xidmət edərkən özünün hazırladığı videoçarx nümayiş etdirilib.