ELM VƏ TƏHSİL
“Son zəng” tədbirləri Nəsimi rayonunda xüsusi təntənə ilə qeyd olunub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Bakının Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin Bununla əlaqədar məktəblərdə şagirdlər və müəllimlər tərəfindən bilik bayramının yüksək səviyyədə keçirilməsi, yaddaşlarda uzun illər qalması üçün hazırlıq işləri aparılıb.
“Son zəng” tədbirinin keçirildiyi 54 saylı tam orta məktəbi bu il 70 şagird bitirir. Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan məktəbin direktoru Sahibə Abbasova Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən danışıb. O, həmçinin məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib.
“Son zəng” tədbirinin keçirildiyi 240 saylı tam orta məktəbdə 1514 nəfər şagird təhsil alır. Bu il məktəbi 58 nəfər məzun bitirir. Məktəbin direktoru Esmira Məmmədova Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirib, məzunlara uğurlar arzulayıb.
“Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də vurğulanıb.
“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara uğurlar arzulayıblar.
“Son zəng” tədbirləri məktəblilərin ədəbi-musiqili çıxışları ilə davam etdirilib.