MƏDƏNİYYƏT


“Sonsuz dəhliz” filmi “Al Jazeera” kanalında nümayiş etdiriləcək

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Bakı vaxtı ilə saat 11.00-da Qətərin “Al Jazeera” televiziya kanalında (http://doc.aljazeera.net/البث-الحي) ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filminin nümayişi olacaq. Filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutacaq.

“Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.

Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

“Sonsuz dəhliz” filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kinotənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “TRT 1”, “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.