MƏDƏNİYYƏT
“Sonsuz dəhliz” sənədli filmi “CNN Türk” kanalında yayımlanıb
Bakı, 2 mart, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində türk dilinə tərcümə edilən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi “CNN Türk” kanalında yayımlanıb.
AZƏRTAC xəbər verir ki, filmin yaxın aylarda dünyanın digər televiziya kanallarında da yayımı nəzərdə tutulur. “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
“Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Filmi britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz səsləndirilib. Ekran əsəri Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, soyqırımı haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.