DÜNYA
Sonuncu sorğunun nəticələrinə görə Klinton Trampı qabaqlayır
Vaşinqton, 2 avqust, AZƏRTAC
Avqustun 1-də “CNN” teleşirkətinin və marketinq tədqiqatları üzrə ixtisaslaşan “ORC International” şirkətinin ABŞ prezidenti postuna namizədlərin populyarlıq reytinqi üzrə birgə sorğusunun nəticələri dərc edilib. Sorğunun nəticələrinə görə ABŞ prezidenti postuna Demokratlar Partiyasından namizəd Hillari Klinton Respublikaçılar Partiyasının namizədi Donald Trampı 9 faiz qabaqlayır. Hillari Klintonun populyarlığının artmasına təkan verən amil bu il iyulun 25-28-də Filadelfiyada Demokratlar Partiyasının qurultayı zamanı ABŞ Prezidentinin, birinci xanımın, ABŞ vitse-prezidentinin və digər siyasi xadimlərin Klintonu dəstəkləyən çıxışları olub. Sorğunun nəticələrinə görə, Hillari Klinton 52 faizlə liderlik edir. Sorğu edilənlərin 43 faizi Donald Trampı dəstəkləyib.
Xatırladaq ki, “CNN” teleşirkətinin və “ORC International” şirkətinin bundan əvvəl – iyulun 18-21-də Respublikaçılar Partiyasının qurultayından sonra keçirdiyi sorğunun nəticələrinə görə Donald Tramp Hilları Klintondan 3 faiz irəlidə olub. Həmin vaxt rəyi soruşulanların 48 faizi Donald Trampı, 45 faizi Hillari Klintonu dəstəkləyib.
ABŞ prezidenti postuna seçkilər 2016-cı il noyabrın 8-də keçiriləcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton