DÜNYA
Sony Pictures Şimali Koreya lideri barədə qalmaqallı filmi nümayiş etdirməkdən vaz keçib
Bakı, 19 dekabr, AZƏRTAC
“Müsahibə” filmi, belə görünür ki, ümumiyyətlə tamaşaçıya heç bir şəkildə təqdim olunmayacaq. Şimali Koreya liderinə sui-qəsd barədə çəkilən kinokomediya hətta DVD və başqa elektron daşıyıcılarda belə işıq üzü görməyəcək.
AzərTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Sony Pictures Kim Çen In barədə çəkdiyi “Müsahibə” komediyasını yayımlamaqdan vaz keçib.
Əvvəlcə filmdən terror aktlarından çəkinən kino prokatçıları imtina ediblər, daha sonra isə studiyanın özü də filmi xatırladan bütün ifadələri saytdan çıxarıb.
Artıq “Müsahibə”yə nə DVD-də, nə də şirkətin filmə xərclədiyi 42 milyon dollarlıq məbləğin bir hissəsini çıxarmağa ümid etdiyi onlayn-servislərdə baxmaq mümkün olacaq.
ABŞ hökuməti qeyri-rəsmi də olsa, Sony studiyasının saytına hücum edən və premyeranı terror aktları ilə hədələyən qüvvələrin KXDR-in göstərişi ilə hərəkət etməsini təsdiqlədikdən sonra kinokompaniya uğursuz filmi tamamilə unutmaq qərarına gəlib.