DÜNYA
“Sony” yeni smartfonlarını təqdim edib
Bakı, 27 fevral, AZƏRTAC
Yaponiyanın “Sony” şirkəti Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində yeni “XA” və “XZ” smartfonlarını təqdim edib.
Qabaqcıl “Xperia XZ Premium” smartfonu “HDR” texnologiyasını dəstəkləyən 5,5 düymlük “4K” (3840x2160 nöqtə) təsvir ölçülü ekranla təchiz edilib. Həmçinin qurğu “Snapdragon 835” prosessoru ilə təchiz edilib və 4 giqabayt əməli yaddaşa malikdir. Bununla yanaşı, “microSD” kartın köməyi ilə 64 giqabaytlıq daxili yaddaşın tutumunu artırmaq mümkündür.
AZƏRTAC “lenta.ru” saytına istinadən xəbər verir ki, “XZ” smartfonu 19 meqapiksellik təsvir ölçüsünə malik yeni “Motion Eye” kamerası ilə təchiz edilib. Bu kamera “HD” təsvir ölçüsündə saniyədə 960 kadr sürətlə “Super Slow-mo” yavaşıdılmış çəkiliş rejimini dəstəkləyir.
“XA1” və “XA1 Ultra” qurğuları müvafiq olaraq 5 (“HD” təsvir ölçüsü) və 6 (“FullHD”) düymlük ekrana malikdir. Smartfonlar səkkiznüvəli “MediaTek Helio P20 MTK6757” prosessoru və 23 meqapiksellik kamera ilə təchiz edilib. Kiçik model 3 giqabaytlıq əməli yaddaşa, böyük model isə 4 giqabaytlıq əməli yaddaşa malikdir.
Hər üç smartfon cari il yazın sonlarında əlçatan olacaq.