DÜNYA
Sorğu: amerikalıların 60 faizi Trampın KXDR problemini həll edəcəyinə inanmır
Bakı, 27 aprel, AZƏRTAC
Amerikalıların əksəriyyəti hərbi müdaxilə olmadan Şimali Koreya tərəfindən gələn təhlükəni dəf etməyin mümkünlüyünə inanır. Bunu CBS telekanalının keçirdiyi sosial sorğunun nəticələri təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, təhqiqatın nəticəsinə əsasən, rəy bildirən insanların 61 faizi KXDR-in nüvə silahı istehsalı təhlükəsini güc tətbiq etmədən aradan qaldırıla biləcəyi fikrindədir. Respondentlərin 27 faizi hesab edir ki, bu məsələ yalnız güc yolu ilə həll oluna bilər. Sorğuda iştirak edən vətəndaşların 9 faizi isə Şimali Koreyadan, ümumiyyətlə, heç bir təhlükə gözləmədiklərini bildirib.
Tədqiqatda, həmçinin respondentlərə belə bir sual ünvanlanıb: Prezident Donald Tramp Koreya problemini həll edə biləcəkmi? Sorğu iştirakçılarının 62 faizi buna şübhə ilə yanaşsa da, 35 faiz insan ABŞ liderinin buna qadir olduğunu deyib.
Aprelin 21-dən 24-dək aparılan sorğuda 1214 nəfər iştirak edib.
Aprelin 26-da ABŞ administrasiyası KXDR probleminin həllində öz yanaşmasını bildirmək üçün konqresin bütün üzvləri ilə xüsusi qapalı brifinq keçirib. Müdafiə naziri Ceyms Mettis, dövlət katibi Reks Tillerson və Milli Kəşfiyyat İdarəsinin direktoru Den Koutsun birgə bəyanatında KXDR hökumətinin nüvə proqramından imtina etməsi üçün ABŞ-ın bu ölkəyə sanksiyaları gücləndirmək niyyətində olduğu vurğulanıb.
Koreya yarımadasında vəziyyət ötən ilin əvvəlində Pxenyanın nüvə sınağı keçirdiyi və ballistik raket buraxdığı vaxtdan sonra daha da gərginləşib. İl ərzində KXDR 20-dən çox raket sınağı keçirib. ABŞ isə öz növbəsində Şimali Koreyaya qarşı hərbi müdaxilə variantını istisna etməyib, lakin, eyni zamanda, sanksiyalar vasitəsilə Pxenyana iqtisadi təzyiq göstərilməsi üçün səylərini cəmləmək niyyətində olduğunu bəyan edib.