CƏMİYYƏT
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi yeni layihə həyata keçirir
Bakı, 5 iyul, AZƏRTAC
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihə həyata keçirir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, əsas məqsəd aztəminatlı əhalinin sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsidir. Layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasında aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin yerinə yetirilməsi də nəzərdə tutulub. Altı ay müddətində reallaşdırılması nəzərdə tutulan layihə çərçivəsində həm də gənc hüquqşünas kadrlar və layihənin könüllüləri üçün “Aztəmınatlı əhalinin pozulmuş sosial hüquqlarının məhkəmə qaydasında müdafiəsinin prosessual formaları” mövzusunda silsilə təlimlər təşkil edilir. Bu qəbildən olan növbəti təlim “Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resursları” mövzusuna həsr olunub.
Təlimi giriş sözü ilə açan SHAİB-in sədri, BDU-nun professoru Mayis Əliyev həyata keçirilən layihə və sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyət prinsipləri barədə, həmçinin layihə başladıqdan sonrakı müddətdə müraciətlər və onların mahiyyəti barədə iştirakçılara məlumat verib.
Bildirilib ki, SHAİB sosial məsələlər üzrə hüquq klinikasında aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstərməyi davam etdirir və əhaliyə sosial hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri Süleyman Rüstəm küçəsi 33/93 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər layihə üzrə əlaqələndirici Ülvi Əliyevlə də əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: [email protected]).