CƏMİYYƏT
Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə və hüquqi yardım xidmətlərinin göstərilməsinə başlanılıb
Bakı, 26 aprel, AZƏRTAC
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Əhalinin həssas təbəqələrinin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi əhalinin həssas təbəqələrinin, çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin), eləcə də işsiz gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə yerlərindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahıllar, iş tapmaqda çətinlik çəkən və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin və s. sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir.
Layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyin CD formatında hazırlanması planlaşdırılır, sosial məsələlər üzrə hüquq klinikasında əhalinin həssas təbəqələrinə pulsuz hüquqi yardım xidməti göstəriləcək.