ELM VƏ TƏHSİL
“Sosial media və milli dəyərlər” mövzusunda layihə başa çatıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sosial media və milli dəyərlər” mövzusunda layihə çərçivəsində sonuncu təlim keçirilib.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin bağlanış mərasimində AMEA rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev təlimlərdə ümumilikdə 94 gəncin iştirak etdiyini və layihənin uğurla yekunlaşdığını bildirib. Qeyd olunub ki, dörd gün davam edən layihə çərçivəsində iştirakçılara “Sosial media və milli mənəvi dəyərlər: ümumi anlayışlar”, “Milli mənəvi dəyərlərin sosial şəbəkələrdə təbliği”, “Wikipedia: online ensiklopediyası milli mənəvi dəyərlərin təbliği platforması kimi” və “Milli mənəvi dəyərlərin PR imkanları və multimedia vasitələri ilə təbliği” mövzularında təlimlər keçirilib. Təlimlərdə gənclərə sosial media, onun növləri və sosial mediadan düzgün və səmərəli istifadə üsulları, sosial media mədəniyyəti, informasiyanın dəqiq və tərəfsizliyinə əmin olmaq yolları, sosial mediada milli maraqların qorunması, milli informasiya məzmunlarının çoxmilyonluq qlobal platformalarda yayımı, dövlətçilik əleyhinə yönəlmiş xarici təxribatlara qarşı gənclərin hazırlığının artırılması, eləcə də Azərbaycanın daxili və xarici uğurlarını sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaq istiqamətlərində geniş məlumatlar verilib.
Layihə rəhbəri Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə ölkə gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də dövlətimiz və onun milli maraqlarının qorunması yolunda həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, son illər ölkə rəhbərliyi tərəfindən gənclər, idman, sosial və digər sahələrdə aparılan məqsədyönlü siyasət, həyata keçirilən kütləvi elmi-mədəni və idman tədbirləri ölkəmizin təbliği baxımından böyük əhəmiyyət daşıyır.