DÜNYA
Sosial medianı etnik və dini nifrət bürüyüb
Praqa, 10 fevral, AZƏRTAC
Qaçqınların Avropaya axışması sosial şəbəkə istifadəçilərinin ovqatını kəskin dəyişib. Sosial şəbəkələrdə yolverilməz ünsiyyət tərzi və radikal fikirlər söylənilməsi Avropada artıq xeyli vaxtdır ki, çoxlarını narahat edir.
Münxen Rəqəmsal Texnologiyalar İnstitutu “Facebook” sosial şəbəkəsindəki ünsiyyət tərzinə münasibəti aydınlaşdırmaq məqsədilə şəbəkənin 1271 istifadəçisi arasında sorğu keçirib. Respondentlərin təqribən 70 faizi cavab verib ki, siyasi mövzular əvvəlkinə nisbətən daha emosional və daha aqressiv müzakirə olunmağa başlayıb. Rəyi soruşulanların təxminən 74 faizi hesab edir ki, “Facebook”un şərhlərində getdikcə daha çox ifrat siyasi fikirlər söylənilir, 53 faizi provokasiya xarakterli məlumatlardan şikayət etmək arzusunda olduğunu bildirib. Respondentlərin yalnız iki faizi diskussiyaların obyektivliyinə əmindir.
İslamı tənqid edən internet resurslarının forumlarında, habelə radikal sələfilərin saytlarında gedən müzakirələri müşahidə edən islamşünas və publisist Torsten Herald Şnayders təəssüflə deyib: “İnternetdə insanlar bir-biri ilə tez dil tapırlar. Burada ekstremist fikirlər yazıb dərhal cavab almaq mümkündür”.
Amma müxtəlif siyasi baxışların tərəfdarları eyni forumda bir araya getdikcə daha seyrək gəlirlər. Nəticədə oxşar rəyləri olan istifadəçilər yalnız öz qrupu ilə yazışır, bir-birini haqlı olduqlarına inandırırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa