ELM VƏ TƏHSİL
Sosial medianın aktual problemləri araşdırılır
Bakı, 27 mart, AZƏRTAC
Sosial media üzərindən yayımlanan bir çox oyunlar və 3D-oyunları gənclərin psixologiyasına mənfi təsir göstərir. 3D sosial media ölkələr arasında rəqəmsal bərabərsizliyi kəskinləşdirir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bu kimi problemlərin araşdırılması istiqamətində tədqiqatlara başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sosial media ünsiyyət və fayl mübadiləsi vasitəsidir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə, ünsiyyəti interaktiv dialoqa çevirir. Xəbər saytları, sosial şəbəkələr, bloqlar, mikro-bloqlar, ani ünsiyyət proqramları, forumlar və s. sosial mediaya daxildir. 3D sosial media ənənəvi mediadan (qəzet, jurnal, radio və televiziya) vizuallığı və virtual reallıqlardan istifadəsi ilə fərqlənir. Virtual reallıq, animasiya, oyun, film və s. kimi sahələrin inkişafı ilə daha da təkmilləşir.