ELM VƏ TƏHSİL
Sosial şəbəkələrdəki təhlükələrlə mübarizəyə dair seminar olub
Bakı, 4 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak ediblər.
Seminarın keçirilməsinin əsas məqsədi valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.
Çıxış edənlər uşaqların sağlam və təhlükəsiz böyüməsi üçün valideynlər tərəfindən övladlarının sosial şəbəkələrdən düzgün istifadəsinə nəzarət olunmasının vacibliyini vurğulayıblar.
Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmann mövzu ilə bağlı geniş təqdimatla çıxış edib.
Sonra müzakirələr aparılıb.
Layihə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Baker Tilly Azərbaycan” MMC tərəfindən dəstəklənir.