CƏMİYYƏT
Sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib
Bakı, 3 may, AZƏRTAC
Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin araşdırılması və əmək hüquqlarının pozulması halları ilə bağlı aidiyyəti tədbirlərin görülməsi işləri davam etdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-aprel aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 60 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 56 min 448 manatı (94,1 faiz) gecikdirilmiş əməkhaqlarından, 2 min 300 manatı (3,8 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı ayrı-ayrı işçilərin işdən qeyri-qanuni şəkildə azad edildikləri də müəyyən edilib və görülən tədbirlər nəticəsində onların yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əməkhaqları və sosial xarakterli digər ödənişlərin onlara qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib.