CƏMİYYƏT
Sosial xidmət sahəsində keçirilən təlim iştirakçılarına sertifikatlar verilib
Bakı, 20 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət işçilərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” tvinninq layihəsi çərçivəsində keçirilən silsilə təlimlərə yekun vurulub və iştirakçılarına sertifikatlar verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Avropa İttifaqının dəstəyi və Avstriya Respublikasının adiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan layihənin yekunlaşmaqda olduğunu söyləyərək qeyd edib ki, 2015-ci il iyunun 1-dən icra olunan layihə sosial xidmətlər sahəsində qanunvericiliyin və institusional mexanizmlərin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması məqsədinə yönəlib.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində qabaqcıl dünya təcrübəsinə uyğun “sosial iş” modelinin tətbiqi ilə əlaqədar işlər aparıldığı bildirilib. Həmin model sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmət göstərilməklə yanaşı, onların problemlərinin həlli, sosial xidmətlərə əlçatanlığının təmin edilməsi və cəmiyyətə inteqrasiyası, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə də xidmətlərin göstərilməsini nəzərdə tutur.
Layihəsinin əsas hədəflərindən biri də nazirliyin sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “sosial iş” modeli əsasında təkmilləşdirilməsidir. Bununla əlaqədar olaraq, sosial xidmət işçilərinin qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılması məqsədilə “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər” və “Ailələr və uşaqlar” mövzularında keçirilən silsilə təlimlərə artıq yekun vurulur.
Tədbir təlimlərdə iştirak edən 25 nəfərə sertifikat verilməsi ilə yekunlaşıb.