CƏMİYYƏT
Şou-biznes, kino və idman ulduzları UNICEF-in “Superatalar” kampaniyasına qoşulublar
Bakı, 8 iyun, AZƏRTAC
Dünyanın 90-dan çox ölkəsi bu ay Atalar Gününü qeyd etməyə hazırlaşır. Həmin gün ərəfəsində şou-biznes, kino və idman ulduzları UNICEF-in “Superatalar” kampaniyasına qoşulublar. Kampaniya bu həftə Nyu-Yorkda başlayıb. Onun məqsədi uşağın ilkin koqnitiv inkişafında atanın rolunun əhəmiyyətini xatırlatmaqdır.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, “Superata” təşəbbüsü UNICEF-in “#EarlyMomentsMatter” (ilkin inkişaf vacibdir) heştaqlı böyük kampaniyasının tərkib hissəsidir. Bu kampaniya diqqəti uşağın ilkin inkişafının əhəmiyyətinə cəlb etmək məqsədi daşıyır. Həmin dövrdə oğlan və qız uşaqlarının qayğıya, düzgün qidalanmağa, sevgiyə, stress və zorakılıqdan müdafiəyə ehtiyacı olur.
Anadan olandan sonra uşağın beyni ilk min gün ərzində misli görünməmiş sürətlə inkişaf edir. Hər saniyədə onun beynində təqribən min yeni birləşmə əmələ gəlir. Bu birləşmələr sonrakı həyatında uşağın təfəkkür aparatının imkanlarını təmin edir.
Devid Bekhem, Maherşal Əli, Yeni Zelandiyanın reqbi üzrə “Oll Bleks” yığması, Deniel Kormir, Novak Cokoviç, Lyuis Hemilton, Hyu Cekman, Saçin Tendulkar, Telia və Kris Veydmen kimi məşhurlar UNICEF-in “Twitter” və “Instagram” səhifələrində “Superatalar” kampaniyasına qoşulublar. Bu ulduzlar öz xatirələrini bölüşərək, atalarının onların tərbiyəsində rolundan danışacaqlar.
Kampaniya çərçivəsində təkcə dünya ulduzlarının hekayəsi deyil, həm də öz övladlarını çox çətin şəraitdə tərbiyə edən ataların hekayəsindən danışılacaq. Belə hekayələrdən biri hazırda Uqandada yaşayan Cənubi sudanlı üç qız atası haqqındadır. O, qızlarını xilas etmək üçün ailəsi ilə birlikdə zorakılıqdan qaçıb. İndi isə yad diyarda qızlarını ovundurmaq, çətinlikləri dəf etmək və onların normal inkişafına şərait yaratmaq üçün əlindən gələni edir.