SİYASƏT


Sounthon Xanthavonq: Laos Xəbər Agentliyi AZƏRTAC ilə əməkdaşlıq qurmaq niyyətindədir

Bakı, 20 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında və eyni zamanda Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov Laos Xəbər Agentliyinin (KPL) baş direktoru Sounthon Xanthavonq ilə görüşüb.

Azərbaycanın Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Anar İmanov Azərbaycan və Laos xalqları arasında əlaqələrin qurulmasında, həmçinin ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığının təşviqində kütləvi informasiya vasitələrinin böyük rol oynadığını qeyd edib.

Diplomat səfirliyin Laosun mətbu orqanları ilə əlaqələrin qurulmasına böyük önəm verdiyini bildirərək bu işdə Laos Xəbər Agentliyinin mühüm rol oynaya biləcəyini vurğulayıb. O, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Laos Xəbər Agentliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Səfir ötən il noyabrın 16-18-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və KPL-nin də üzvü olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçirildiyini xatırladıb. O, hazırda AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya uğurla sədrlik etdiyini diqqətə çatdırıb. A.İmanov AZƏRTAC ilə Laos Xəbər Agentliyi arasında tezliklə əməkdaşlıq əlaqələrinin qurulacağına inandığını bildirib.

Sounthon Xanthavonq Laos Xəbər Agentliyinin AZƏRTAC ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, bununla bağlı konkret addımlar atılacağını diqqətə çatdırıb. O, AZƏRTAC ilə əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün KPL-nin nümayəndəsinin Bakıya ezam edilməsi məsələsini nəzərdən keçirəcəklərini vurğulayıb. Baş direktor, həmçinin hər iki agentlik arasında əməkdaşlıqla bağlı sənədin imzalanmasını təklif edib. O, sənəd layihəsinin Laos Xəbər Agentliyi tərəfindən hazırlanaraq qısa zamanda Azərbaycan tərəfinə təqdim ediləcəyini diqqətə çatdırıb.

Görüşdə A.İmanov Laos Xəbər Agentliyi tərəfindən Azərbaycan haqqında silsilə məlumatların yayılması imkanları ilə də maraqlanıb.

Baş direktor S.Xanthavonq KPL-nin Azərbaycan haqqında məlumatları yaymağa hazır olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.