İQTİSADİYYAT


“Sovetski” layihəsi çərçivəsində 251 müxtəlif təyinatlı yol nişanı quraşdırılıb

Bakı, 9 avqust, Elvin Camalov, AZƏRTAC

“Sovetski” layihəsi çərçivəsində 251 müxtəlif təyinatlı yol nişanı quraşdırılıb.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sədri Mais Ağayev məlumat verib.

O bildirib ki, BNA paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlərin icrasını təmin edib. Təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlar təhlil edilib. Əldə edilən nəticəyə uyğun olaraq, layihə çərçivəsində salınan yollarda 251 müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib. Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub.

M.Ağayevin sözlərinə görə, sözügedən ərazidə 17 piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Paytaxtımızda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Hərəkətin təhlükəsizliyi üçün işıqfor dirəklərində də 3 dildə (Azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb.

“Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etmələri üçün piyada keçidlərində ümumilikdə 34 pandus qoyulub. İlk dəfə olaraq məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan işıqfor quraşdırılıb. Ümumilikdə ərazidə 44 işıqfor obyekti quraşdırılıb. Bu işıqforların 8-i xüsusi sensorla təchiz edilib. Belə işıqforlar, eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçmələri üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər”, - deyə M.Ağayev vurğulayıb.

BNA rəsmisi qeyd edib ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə danacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.