MƏDƏNİYYƏT


Soydaşımız Daşkənddə Turan Akademiyasının akademiki adına layiq görülüb

A+ A

Daşkənd, 25 mart, AZƏRTAC 

Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Dövlət mükafatı laureatı, Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrının rejissoru, professor Firudin Səfərov opera sənətinin inkişafındakı xidmətlərinə görə Daşkənddəki Turan Akademiyasının akademiki adına layiq görülüb.

Akademik vəsiqəsinin təqdim edilməsi mərasimində Firudin Səfərovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, həmçinin Daşkənd Opera və Balet Teatrında tamaşaya qoyduğu əsərlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, o, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanmasında da mühüm xidmət göstərir.

Bildirilib ki, Firudin Səfərov Daşkəndə gəlməzdən əvvəl Bakı teatrında 13 il baş rejissor işləyib və bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib. O, Bakı və Daşkənd teatrlarında 70-dən artıq klassik və müasir bəstəkarların əsərlərini tamaşaya qoyub.

Xatırladaq ki, Firudin Səfərov 70 illiyi münasibətilə opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.

Tanınmış rejissor dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olub, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.