MƏDƏNİYYƏT
Soydaşlarımız türk dünyasına xidmətlərinə görə medallarla təltif olunublar
İstanbul, 27 may, АZƏRTAC
Ankarada Türkdilli ölkələrin müstəqilliklərinin 25-ci ildönümü ilə bağlı təltif edilən bir qrup şəxsə medallar təqdim edilib. Medallara layiq görülənlər arasında Azərbaycanın tanınmış mədəniyyət xadimləri də var.
Bu münasibətlə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında təqdimetmə mərasimi keçirilib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseyinov çıxışında bildirib ki, medallara layiq görülən şəxslər fəaliyyət göstərdikləri sahələrdə türk dünyasının birliyinə mühüm töhfələr veriblər.
Əvvəlcə bir qrup şəxsə türkdilli ölkələrin müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə TÜRKSOY-un təsis etdiyi yubiley medalları təqdim olunub. Sonra Azərbaycanın Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov və TRT xorunun bədii rəhbəri və dirijoru, Əməkdar Artist Elnarə Kərimova Qazaxıstan Respublikasının “Fəxri mədəniyyət xadimi” medalı ilə təltif olunublar. Medalları Qazaxıstanın Ankaradakı səfiri Abzal Sararbekuli təqdim edib.
Daha sonra Qırğızıstanın Ankaradakı səfiri İbrahim Junusov Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlını Qırğızıstan Respublikasının “Fəxri mədəniyyət xadimi” medalı ilə mükafatlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Istanbul