QAN YADDAŞI
Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
Bakı, 1 aprel, AZƏRTAC
Hüseynqulu Sarabski adına Mədəniyyət evində 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Azərbaycan xalqının tarixində baş vermiş soyqırımı hadisələri heç vaxt yaddaşlardan silinməyəcək.
x x x
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunan “Soyqırımı unutmayaq, unutdurmayaq” adlı tədbirdə də xalqımızın başına gətirilən müsibətlərdən söz açılıb.
Rayondakı 158 nömrəli tam orta məktəbin akt zalında təşkil edilən tədbirdə bildirilib ki, “Böyük Ermənistan” yaratmaq istəyən erməni quldurları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin vəhşilikləri Bakıdan başlayaraq və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. 1918-ci il 31 mart qətliamı nəticəsində ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.
x x x
Soyqırımı qurbanlarının xatirəsi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə də anılıb. “Azərbaycanlıların soyqırımı gününü unutmayaq” adlı anım mərasimində qeyd edilib ki, bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Vurğulanıb ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
Diqqətə çatdırılıb ki, müstəqillik dövründə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.