QAN YADDAŞI
Soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 1 aprel, AZƏRTAC
Baki Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Bakı şəhərindəki mədəniyyət mərkəzləri, ev-muzeyləri, kitabxana sistemləri və klublarda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa”lar, “Söhbət”lər, ədəbi-bədii kompozisiyalar, kitab təqdimatları və anma tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, "Mənim qan yaddaşım", “Qanlı tarix”, “Erməni vəhşiləri qiymətini almalıdır!”, “Tarixin yaddaş dərsi” və sair mövzülarda keçirilən bu tədbirlərdə erməni millətçilərinin iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri deportasiya, etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində 50 minə qədər azərbaycanlının xüsusi qəddarlıqla öldürülməsi tarixi faktlarla diqqətə çatdırılıb və bütün bunların dünyaya çatdırılmasının vacibliyi bildirilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə rəsmi sürətdə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması bəyan edilib.
1918-ci ilin martın sonu - aprelin əvvəllərində Bakı və ətraf ərazilərdə baş vermiş faciələr bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilib və bildirilib ki, soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaq.