QAN YADDAŞI
Soyqırımından 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Naftalan şəhərində Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib.
Əvvəlcə Naftalan şəhər “Xatirə kompleksi” ziyarət olunaraq şəhidlərin xatirəsi yad edilib, əklil qoyulub.
Qeyd edilib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Tədbirdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın tarixi əhəmiyyəti vurğulanıb, onun xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığı qeyd edilib.
Sonda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhlarına dualar oxunub.