REGİONLAR
Soyuducu anbarlara məhsul tədarükü diqqət mərkəzindədir
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada müxtəliftutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün çox sayda anbar inşa olunub. Hazırda Naxçıvan Muxtar Respublikasında soyuducu anbarların ümumi tutumu 14 min 660 tondur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda muxtar respublikada 24 soyuducu anbar fəaliyyət göstərir. Onlardan dövlət maliyyə dəstəyi ilə yaradılmış ümumi tutumu 5 min 810 ton olan soyuducu anbarlar bilavasitə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirir. Bu anbarlara cari ildə 6 min tondan çox məhsul tədarük edilib, hazırda isə anbarlarda 2 min 300 tondan çox məhsul vardır.
Bundan əlavə, sahibkarların şəxsi vəsaitləri və dövlət maliyyə dəstəyi hesabına yaradılan ümumi tutumu 8 min 850 ton olan soyuducu və digər təyinatlı istifadə üçün olan anbarlar sahibkarların öz istehsal məhsullarını saxlamaq məqsədi daşıyır. Bu anbarlara isə cari ilin hesabat dövründə 15 min 800 tona yaxın məhsul tədarük edilib. Hazırda bu məqsədlə fəaliyyət göstərən anbarlarda 1200 tondan çox məhsul saxlanılır.
Muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən bu anbarlar istehsal olunmuş kənd təsərrüfatı məhsullarının qeyri-mövsüm dövrlərində münasib qiymətlərlə bazara çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada anbar təsərrüfatı genişləndikcə istehsal olunmuş məhsulların maya dəyərinin aşağı salınması və istehlak bazarına daha tez çatdırılması məsələsi də bu baxımdan uğurla həll olunur. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük olunacağı gözlənilir.