MƏDƏNİYYƏT


“Söz” ədəbi layihəsi çərçivəsində “Eşidilməyən etiraf”

A+ A

Bakı, 1 oktyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” adlı ədəbi layihə çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənc, istedadlı dramaturq, ssenarist Orxan Muxtarlının “Eşidilməyən etiraf” tamaşası nümayiş etdirilib. Tamaşa müharibə mövzusuna həsr olunub. Əslən Qarabağdan, Şuşadan olan gənc yazar öz uşaqlıq dünyasının acılı-şirinli xatirələrini, bədnam qonşularımızın torpaqlarımızı zəbt etməsini, maddi-mədəni abidələrimizin yerlə-yeksan edilməsini, insanlarımızın olmaz məşəqqətlərə düçar olmasını ustalıqla qələmə alıb. E.Muxtarlı zorla sürükləndiyimiz müharibənin təkcə insanlarımızın deyil, şəhid ruhlarının da didərgin, sərgərdan qaldıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir.

Layihənin rəhbəri Nigar Həsənzadə, ADGTT-nin direktoru, Əməkdar Artist Mübariz Həmidov və digər çıxış edənlər “Söz” ədəbi layihəsinin əsas məqsədinin belə istedadlı gənclərin üzə çıxarılması, Azərbaycan yazıçı və şairlərinin ölkə daxilində və beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poeziya axşamlarına marağın artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılması olduğunu söyləyiblər.

Çıxış edənlər layihənin ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatın dünyada tanıdılması və istedadlı yazarların aşkar olunması, onların doğru məcraya yönəldilməsi baxımından da böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tamaşa nümayiş olunduqdan sonra teatrşünaslar, kino xadimləri, ədəbiyyat, incəsənət adamları uğurlu tamaşaya görə gənc yazarı təbrik edib, ona uğur arzulayıblar.

Sonda O.Muxtarlı tədbirin və layihənin təşkilatçılarına minnətdarlığını bildirib, Mədəniyyət və Turizm Nazirliyinin gənclərə yaratdığı imkanların onun uğurlarına səbəb olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.