MƏDƏNİYYƏT
“Söz səltənətinin ölməz dahiləri” adlı kompozisiya
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının incəsənət və kütləvi işlər şöbəsinin əməkdaşları Nərimanov rayonundakı 183 nömrəli uşaq bağçası ilə birgə UNESCO-nun 2016-cı ili İ.Nəsimi və M.P.Vaqif İli elan etməsi ilə əlaqədar “Söz səltənətinin ölməz dahiləri” adlı ədəbi-bədii kompozisiya təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək Azərbaycan dövlətinin elm, mədəniyyət, təhsil, idman sahəsində apardığı islahatlardan söz açıb.
Bildirilib ki, dövlətimizin apardığı uğurlu siyasət cəmiyyətin siyasi, iqtisadi və mədəni səviyyəsi ilə birbaşa bağlıdır, yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir.
Qeyd olunub ki, müasir dövrümüzdə uşaqların və gənclərin sağlam böyüməsi, vətənə layiqli övlad kimi yetişməsi birbaşa dövlət başçısının diqqəti ilə əhatələnib. Bu baxımdan, fiziki cəhətdən sağlam, məntiqi təfəkkürə malik vətənpərvər uşaqların tərbiyə edilməsi məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir. Şübhəsiz ki, gələcəyimizin etibarlı əllərdə olması üçün bütün qüvvələr səfərbər edilir, kompleks tədbirlər həyata keçirilir. Valideynlər, təhsil müəssisələri, elm ocaqları əl-ələ verərək bu mühüm və əhəmiyyətli məsələnin həllində böyük səy göstərirlər.
Sonra uşaqların repertuarında Nəsiminin divanından qəzəllər və S.Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın qarşılaşması səhnəsi təqdim olunub.
Sonunda uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı və kitablar hədiyyə edilib.