DÜNYA
“Spiderman” Çində 68,4 min dollar qazandı
Pekin, 23 yanvar, AZƏRTAC
Çinin Quancou şəhərində nəqliyyat şirkətlərinin birində nəzarətçi işləyən şəxs Malayziyaya göndərilən yüklərin arasında narkotik maddə olması faktını aşkar edərək polisə məlumat verib.
Polisin bu ipucu vasitəsilə dekabrın 29-dan yanvarın 14-dək keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olan transmilli dəstənin 20 üzvü saxlanılıb. Bundan başqa, narkotik maddələrin hazırlandığı və saxlanıldığı 3 məkan müəyyən olunub, ümumilikdə 630 kiloqram narkotik maddə və narkotik maddə hazırlamaq üçün 600 kiloqram xammal götürülüb.
“China daily” qəzeti yazır ki, polis bu barədə məlumat verən şəxsi 450 min yuan (68,4 min ABŞ dollar) məbləğdə pul ilə mükafatlandırmağı qərara alıb. Maraqlı məqam ondan ibarət olub ki, həmin şəxs mükafatı almağa “spiderman” maskasında gəlib. Görünür, “spiderman” narkotiklərin qanunsuz ticarəti ilə məşğul olan dəstənin hələlik istintaqa müəyyən olmayan üzvlərinin qəzəbindən qorxub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin