DÜNYA
Spiegel: Yunanıstan Rusiyadan kömək umur
Bakı, 30 mart, AZƏRTAC
Almaniyanın Spiegel jurnalı Aleksis Tsipras kabinetinin maye qazın qiymətinin aşağı salınması və Rusiyanın bəzi yunan ərzaq məhsullarına, əsasən də meyvə idxalına qoyduğu embarqonu aradan qaldırmaq üçün müraciət etmək niyyətində olduğunu bildirir.
AZƏRTAC RiaNovosti informasiya agentliyinə istinadla xəbər verir ki, yunan siyasətçiləri Moskvaya rəsmi səfər zamanı iqtisadi yardım barədə müraciət etməyi planlaşdırırlar. “Sponsorlarla danışıqların dalana dirənməsi səbəbi ilə iflasa qarşı mübarizədə çətinlik çəkən Yunanıstan artıq Rusiyadan dəstək gözləyir. Brüssel və Berlin isə öz növbəsində bu yaxınlaşma cəhdlərinə şübhə ilə yanaşırlar”, – Spiegel jurnalı belə yazır.
Nəşrin məlumatına əsasən, Yunanıstanın energetika naziri Panayotis Lafazanis və parlament üzvü Tanasis Petrakosun Moskvaya martın 30-31-nə planlaşdırılan səfərləri zamanı maye qazın qiymətinin aşağı salınması və bəzi yunan ərzağına qoyulan Rusiya embarqosunun aradan qaldırması üçün bu ölkəyə müraciət edəcəkləri gözlənilir. Tanasis Petrakos Yunanıstanla Rusiya arasında energetika sahəsində münasibətləri dərinləşdirmək və bundan xeyir götürmək istədiklərini deyib.
“Avropa İttifaqı öz növbəsində Yunanıstan hökumətinin əksər nümayəndələrinin özlərini Brüsselə deyil, Moskvaya yaxın hiss etmələrindən narahatlıq keçirir”, – Spiegel qeyd edir. Bu narahatçılıq isə Rusiyanın cənub-şərqi Avropada öz nüfuzunu artırmaq barədə ehtimallar ilə bağlıdır.
Qeyd edək ki, bir qədər əvvəl Brüssel Yunanıstana 1,2 milyard avro həcmində kredit verməkdən imtina etmişdi. Yunanıstanın energetika naziri Panayotis Lafazanis Moskvaya səfər ərəfəsində bu qərarı şərh edərkən Aİ-ni “Yunanıstanı boğmağa can atan vicdansız imperialist” adlandırıb.
Yunanıstanın Baş naziri Aleksis Tsipras də aprelin 8-də Moskvaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.