SİYASƏT


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşəkkülü Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 10 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir ulu öndərin həyat və fəaliyyəti ilə bağlı qısametrajlı filmin nümayişi ilə başlayıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov Azərbaycan xalqının müstəqilliyimizin nailiyyətləri ilə fəxr etdiyini, dünya iqtisadiyyatına və mədəniyyətinə öz töhfələrini verdiyini vurğulayıb. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyevin dühası, onun uzaqgörənliyi dayanır.

Hələ keçmiş Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən əsl vətənpərvərlik nümunəsi göstərərək bir çox namuslu soydaşımızı təqiblərdən qoruyan böyük şəxsiyyətin 1969-cu ildən Azərbaycana başçılıq etdiyi dövrdə gördüyü ilk tədbirlərdən biri keçmiş SSRİ-də yalnız xammal mənbəyi kimi tanınan və bütün iqtisadi göstəriciləri ilə ittifaq respublikalarından geridə qalan bir ölkəni dirçəltmək idi. Bu barədə danışan komitə sədrinin müavini deyib: “Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı sırf aqrar respublikadan sənaye respublikasına çevirdi, 1970-1985-ci illərdə respublikada 250-dən çox sənaye müəssisəsi yaradıldı, dünyanın 65 ölkəsinə 350-dən artıq məhsul ixrac edilməyə başlandı. Sovet İttifaqında son elmi-texniki nailiyyətlərdən hesab olunan Bakı Kondisioner Zavodu iki il ərzində tikilib istifadəyə verildi. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, ali hərbi məktəblərə azərbaycanlı kursantların qəbulu, yüzlərlə gəncin Rusiyanın qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilməsi, su elektrik stansiyalarının inşası və digər böyük quruculuq işləri də Heydər Əliyevin adı ilə bağlıdır”.

Ümummilli Liderin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra gördüyü işlərin miqyasına diqqət çəkən Niyazi Rəhimov Azərbaycanın az qala itirilməkdə olan müstəqilliyini qoruyub saxladığını, ölkəni bürüyən özbaşınalıq və xaosun aradan qaldırıldığını, vətəndaş müharibəsinin qarşısının alındığını, sonrakı illərdə uğurlu neft strategiyasının həyata keçirildiyini, bununla da dağılmış iqtisadiyyatın bərpa olunmasına başlandığını bildirib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinin inkişafının da Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan komitə sədrinin müavini qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə bu sahələrdə əsaslı inkişafa nail olmaq üçün 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb. Eyni zamanda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında” və s. qanunlar qəbul edilib. Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə agentliyin bazasında Dövlət Komitəsi, az sonra komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərmanla qurumun tərkibində üç Dövlət Xidməti yaradılıb. 2017-ci ilin fevralın 10-da isə idarəetmə daha da təkmilləşdirilərək Prezidentin Fərmanına uyğun olaraq yeni publik hüquqi şəxslər təsis edilib.

Konfransda çıxış edən struktur bölmələri rəhbərlərinin və gənc dövlət qulluqçularının Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılan əsaslı iqtisadi islahatlar, o cümlədən keyfiyyət infrastrukturunun yaradılması, sahibkarlara dövlət dəstəyi, beynəlxalq standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, patent siyasətinin həyata keçirilməsi, istehlakçı hüquqlarının etibarlı qorunması və digər mövzularda məruzələri dinlənilib.

Həmçinin məlumat verilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə abadlıq-quruculuq işləri aparılıb, institutun ərazisində çoxlu sayda ağac, gül, bəzək kolları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.